Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququ rəsmiləşdirilir

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququ rəsmiləşdirilir 16.06.2023 16:02

Sabirabadda təşkil olunan səyyar qəbul zamanı vətəndaşlar üçün heç bir quruma getmədən daşınmaz əmlaklarına dair çıxarışların əldə olunması ilə bağlı müraciət etmək imkanı yaradılıb. 


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sabirabad rayonunun Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli və Qasımbəyli kəndlərində təbii fəlakət nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu üzrə səyyar qeydiyyat xidməti təşkil olunub.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Məlumat üçün bildiririk ki, yerli icra hakimiyyətlərinin təqdim etdiyi məlumatlar əsasında Xidmətin rəsmi saytında “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və mənzillərin üzərində mülkiyyət hüququ rəsmiləşdiriləcək şəxslərin siyahısı” paneli yerləşdirilib. Paneldə Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, şəxslərin ad və soyadları qeyd edilib.

https://clck.ru/33Mfb4 linkinə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür.                                                                                 

Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Digər şəkillər