“Suraxanı Maşınqayırma Zavodu” ASC-də aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində zavodun mexaniki emal sexi əsaslı təmir edilib, müasir avadanlıqlar alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 12-də “Suraxanı Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinə mediatur təşkil edilib.
KİV nümayəndələri müəssisənin infrastrukturu, yeni quraşdırılan müasir avadanlıqlarla, istehsal prosesi ilə tanış olublar. Media təmsilçilərinə müəssisənin tarixi, istehsalın artırılması məqsədilə görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, “Suraxanı Maşınqayırma Zavodu” ASC ölkəmizdə fəaliyyət göstərən iri sənaye müəssisələrindəndir. 1925-ci ildən fəaliyyətə başlayan zavodda ştanqlı dərinlik nasoslarının istehsalı təşkil edilib. Hazırda zavodda ştanqlı quyu nasosları, qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğu və onların ehtiyat hissələri istehsal olunur.
Bildirilib ki, “Suraxanı Maşınqayırma Zavodu” ASC qurumun idarə etməsinə verildikdən sonra fəaliyyətinin genişləndirilməsi, texnologiya və avadanlıqların yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Müəssisədə aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində zavodun mexaniki emal sexi əsaslı təmir edilib, müasir avadanlıqlar alınıb.
Belə ki, istehsalat sahəsi üçün CNC tipli müasir 14 torna, 3 frez, 3 mərkəzsiz cilalama, 2 kəsmə dəzgahı, həmçinin mərkəzli cilalama və pardaqlama dəzgahları, 2 yüksək tezlikli qurğu, kompressor, elektron mikroskop, 2 lazer markalama qurğusu, eləcə də metalların kimyəvi tərkibini təyin etmək üçün spektral analiz cihazı alınıb və quraşdırılıb. Yeni avadanlıqlar məhsulların yüksək dəqiqliklə istehsalına, keyfiyyətin artırılmasına, maya dəyərinin aşağı salınmasına şərait yaradır. Bu isə müəssisənin rəqabət qabiliyyətinin yüksəlməsində, satış həcminin, eləcə də ixrac imkanlarının genişlənməsində önəmli amillərdir.
Qeyd edək ki, zavodda 224 nəfər işçi çalışır.