Şəki rayonu üzrə keçirilən sosial aksiya zamanı çıxarışların verilməsi ilə bərabər, daşınmaz əmlakla bağlı hüquqi xidmətlər də göstərilib. Komitənin ünvanlar üzrə mobil ofislərinə hüquqi yardım üçün 50-yə yaxın vətəndaş müraciət edib. Mütəxəssislər tərəfindən sakinlərə qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilib və sualları cavablandırılıb. Çıxarış almaq istəyən vətəndaşlara isə qeydiyyat prosedurları izah olunub və onlardan hüquqmüəyyənedici sənədlər toplanıb. Eləcə də, komitə əməkdaşları müasir avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərini dəqiqləşdirib.
Qeyd olunmalıdır ki, sadələşdirilmiş xidmətləri təklif edən sosial aksiyalar birbaşa olaraq vaxtın və əlavə xərclərin qənaətinə yönəlib. Bundan başqa əmək, məişət fəaliyyətindən uzaqlaşa bilməyən məşğul və fiziki məhdudiyyətli əhali təbəqəsi üçün də uyğun imkanlar yaradılır. “Kütləvi çıxarış” kampaniyası səyyar formada cəbhə bölgələrində, çoxmərtəbəli yaşayış binalarında, iş yerlərində, təsərrüfat sahələrində ardıcıl olaraq keçirilir. Məqsəd sakinlərin mülkiyyət hüquqlarını rahatlıqla həyata keçirməsinə şərait yaratmaq, eləcə də bütün ölkə üzrə hüquqi əmlakların sayını artırmaqdır.
Xidmətlərin əhaliyə geniş formada çatdırılması, qeydiyyat proseslərinin daha sürətli təmin olunması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. Sosial əhəmiyyətli kampaniyaların müxtəlif bölgələr üzrə keçirilməsi də vətəndaş amilinə əsaslanır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya da məhz bu amala xidmət edir. İndiyədək Abşeron rayonun 13 kəndində keçirilən kampaniya zamanı 850-dən çox vətəndaş müraciəti qeydə alınıb. Sosial aksiyanın gələn həftəki ünvanı Xırdalan şəhəri olacaq. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər.