Səyyar ofisin hansı bölgədə olmasından asılı olmayaraq vətəndaşlar ərazi idarələrindəki kimi bütün növ qeydiyyat xidmətlərindən yararlana bilirlər. Optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir. Həmçinin bununla müxtəlif növ qeydiyyat xidmətləri çevik və operativ qaydada həyata keçirilir.
Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün fəaliyyətin müasir və modern əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Belə ki, mükəmməl fəaliyyət prosesi üçün müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları tətbiq edilib. Yeni mobil ofisdə nəzarətin təmin edilməsi üçün video müşahidə sistemi quraşdırılıb.
Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür. Bundan başqa nəqliyyat vasitəsinin həm daxilində həmdə xaricində qeydiyyatla bağlı maarifləndirici məlumatları əks etdirən monitorlar quraşdırılıb. Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Həmçinin burada vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat əldə edə bilir.
Əhaliyə daha yaxın olan səyyar nəqliyyat vasitəsində daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı, texniki pasportun verilməsi, qeydiyyat arayışlarının əldə edilməsi, o cümlədən dublikatın verilməsi mümkündür. Həmçinin bu mobil ofisdə daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi, ünvan barədə məlumatların verilməsi, daşınmaz əmlakın fərdi qiymətləndirilməsinin aparılması kimi işlər görülür.
Qeyd edilməlidir ki, hazırda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyanın bu həftəki ünvanı Xırdalan şəhəridir. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər. İndiyədək Abşeronun 14 kənd və qəsəbəsində keçirilən kampaniya zamanı 1000-ə yaxın vətəndaşa xidmət göstərilib.