25-26 oktyabr tarixlərində Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun 5-ci iclası, özəlləşdirmə qurumları rəhbərlərinin isə 6-cı iclası keçirilib. Tədbirin əsas məqsədi üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatın bu sahəsinə investisiyaların cəlb edilməsidir. Eyni zamanda özəlləşmənin iqtisadiyyatdakı xüsusi çəkisinin artması ilə bağlı ideya bankının formalaşması, həm sərmayəçi, həm də dövlət üçün gəlirli özəlləşmə modelinin hazırlanması, büdcə daxilolmalarında özəlləşmənin payının artırılması əsas hədəflərdəndir.
Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Hadi Süleymanpur, Türkiyənin, İranın, Əfqanıstanın, Qırğızıstanın özəlləşmə qurumlarının rəhbərləri, həmçinin təşkilata üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri və həmin dövlətlərin Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın müasir dövrdə uğurlarını və inkişaf yolunu əks etdirən film nümayiş olunub.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışların tələblərinə uyğun həyata keçirilən ardıcıl islahatlar haqqında məlumat verərək bildirib ki, bu islahatlar sayəsində ölkəmizin iqtisadiyyatı öz dayanıqlılığını daha da möhkəmləndirməkdədir. Son bir neçə ildə ölkəmizdə həyata keçirilən layihələr nəticəsində kənd təsərrüfatı, inşaat, maliyyə, nəqliyyat, rabitə, ticarət, xidmət kimi sahələr investorlar üçün cəlbediciliyini artırmaqdadır. Bu islahatlar çərçivəsində əmlak idarəçiliyi sektorunun da beynəlxalq standartlara uyğun müasirləşməsi tədbirləri görülür. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi, torpaq inzibatçılığı və istifadəsi üzərində daha səmərəli nəzarətin təmin olunması məqsədilə Peyk Nəzarət Sistemi kimi iri layihələr icra olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə çıxarışların 1 iş günü müddətində verilməsi, habelə bu çıxarışların elektron formata keçirilməsi mümkün olub.
Komitə sədri Azərbaycanda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində həyata keçirilən islahatlardan geniş şəkildə söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin modernləşdirilməsi, müasir idarəetmə standartlarının tətbiqi, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir. Ölkə başçısının təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində” ölkə üzrə müəyyənləşdirilən 4 strateji hədəfdən biri özəlləşmə ilə bağlıdır. Bu gün maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bir sıra infrastruktur sahələrdə, habelə enerji, telekommunikasiya, bank, turizm sahələrində yeni özəlləşdirmə imkanları, beynəlxalq təcrübələr öyrənilir. Özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, habelə xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvətlər göndərilib.
Özəlləşmə sahəsinin tam elektronlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. “Elektron hərrac”ın keçirilməsi özəlləşmə sahəsində tətbiq edilən innovativ layihələrdəndir. Şəffaflığın və məlumatlandırmanın daha da artırılması məqsədilə istifadəyə verilən “Özəlləşdirmə portalı”nda özəlləşməyə çıxarılan dövlət əmlakları barədə geniş spektrli məlumatlar təqdim olunur. Portalın ziyarətçilərinin sayı artıq 2 milyonu keçib. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir.
İclasda çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Hadi Süleymanpur ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirərək, bildirib ki, bu gün Bakıda keçirilən bu tədbir ölkələr arasında özəlləşmə sahəsində təcrübə mübadiləsinin aparılması, üzv dövlətlərdə tətbiq olunan innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından uğurlu platformadır.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasının sədri seçilib.
Tədbir çərçivəsində İƏT-ə üzv olan ölkələrin aidiyyəti qurum rəhbərlərinin çıxış və təqdimatları olub. Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti cənab Ahmet Aksu Türkiyədə dövlət əmlakının özəlləşdirilməsi haqqında iclas iştirakçılarına geniş məlumat vermiş, həmçinin iclasın əhəmiyyətinə də toxunmuş və bildirmışdır ki, tədbir təşkilata üzv olan dövlətlərin özəlləşmə ilə bağlı əlaqələrini daha da genişləndirəcəkdir.
İranın Özəlləşmə Təşkilatının prezidenti cənab Mir Ali Aşraf Abdollah Pourihossein isə üzv dövlətlərdə özəlləşmə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.
Digər çıxış edən Qırğız Respublikası Hökuməti yanında Dövlət Əmlakının İdarə Edilməsi Fondunun sədri cənab Renat Tuleberdiyev və Əfqanıstan İslam Respublikasının Daşınmaz Əmlak Qurumunun rəhbəri cənab Cavad Peykar bu sahə ilə bağlı ölkələrindəki mövcud vəziyyətdən danışaraq, özəlləşmənin daha da inkişafı, iqtisadiyyatdakı mövqeyinin gücləndirilməsi üçün yeniliklərin tətbiqinə və əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu vurğulamışlar. Ardınca digər üzv dövlətlərdə də özəlləşdirmə sahəsində yeniliklərlə bağlı çıxışlar dinlənilmişdir. Həmçinin İƏT-in Ticarət və Sənaye Palatasının özəl sektorla bağlı fəaliyyəti haqqında, “Özəlləşdirmədə prioritet sahələr və əməkdaşlığın genişləndirilməsi”, “Enerji, telekommunikasiya və digər infrastruktur sahələrində dövlət-özəl tərəfdaşlığı”, “Xarici Birbaşa İnvestisiyalarda özəlləşdirmənin rolu” mövzularında çıxışlar olub.
Daha sonra İƏT Katibliyinin fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
Sonda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumu rəhbərlərinin 6-cı iclasının nəticəsi olaraq “Özəlləşdirmə üzrə Bakı Bəyanatı”qəbul olunub.