Görülən işlərin yekunu olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Abşeronda ictimai təqdimat keçirilib. Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri və real şəraitdə istifadəsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Bildirilib ki, yekunlaşan uçot işləri nəticəsində Abşeron rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 40 min hektar torpaq sahəsinin mövcudluğu öyrənilib. Bəlli olub ki, bu ərazinin 29 min hektarı bələdiyyə, 5,6 min hektarı dövlət, 5,4 min hektarı isə özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 1,5 min hektarı əkin sahəsi olmaqla ümumilikdə 21,8 min hektara yaxınını (54.0 %-i) kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Rayon üzrə aparılan torpaq islahatı əkin sahələrinin 2,7 min hektar olduğunu göstərir. Lakin elektron uçot işləri nəticəsində müəyyən olunub ki, bu torpaq sahələri kateqoriyası dəyişdirilmədən müxtəlif tikinti proseslərinə cəlb olunmaqla 1,5 min hektara endirilib. Uçot işləri zamanı torpaq payı almış ailələrdən 7,6 minə yaxının torpaq ölçülərinin 1 hektaradək olduğu müəyyən edilib. Bu da torpaq sahələrinin konsolidasiyasına və birləşməsinə ehtiyacın olduğunu göstərir.
Torpaqların Elektron Kadastr Uçotu sisteminin təşkili ilə təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların sərhədləri, həndəsi ölçüləri, iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumatlar elektron bazaya daxil edilib. O cümlədən, torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Abşeron rayonundakı torpaq sahələri ilə bağlı belə məlumatlar baş verə biləcək hər hansı qanunsuz dəyişiklikliyi sürətli müəyyən etməyə imkan yaradacaq. Bələdiyyə hesabında olan torpaqların ərazi, sahə və sərhədlərinin dəqiqləşdirilməsi ilə bu ərazilərdən təyinatına və hüquqi rejiminə uyğun istifadə təmin olunacaq.
Təqdimatın sonunda artıq 27 rayon və şəhər üzrə yekunlaşmış layihənin praktiki istifadəsi və nəticələri ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.