Zaqatalada torpaq uçotunun nəticələri: 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib

Zaqatalada torpaq uçotunun nəticələri: 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib 30.01.2019 16:25

Qeyd edilməlidir ki, Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında respublikada ilk təcrübə olaraq Zaqatala rayonunda torpaq islahatı işlərinə başlanılıb. Hazırda həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bu islahatların davamıdır. Görülən işlər çərçivəsində rayonun Əliabad inzibati ərazi vahidliyində yerləşmiş keçmiş Qələbə və Əliabad təsərrüfatlarında torpaq islahatına düzəliş işləri tamamən  yenidən aparılıb. Nəticədə 4000-ə yaxın ailənin həyətyanı və pay torpaqlarının dəqiq sərhədi müəyyən edilib və hazırlanan kadastr məlumat bazasına daxil edilib.

Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.  

Uçot işləri Zaqatala rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 65,2 min hektar­­­­ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 13,9 min hektar­­­­ dövlət, 22,8  min hektar bələdiyyə­­,  28,5 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 62.4 min hektara yaxını (95 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 19,3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 23,9 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların əsasən çoxillik əkmələrin artması hesabına azalaraq 19.3 min hektar olub. Çoxillik əkmələr isə digər uqodiyaların hesabına 8.6 min hektardan 16.3 min hektaradək  artıb. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 40 mindən çoxunun torpaq parsellərinin ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilib. Belə ki həmin ərazilərdə 1104 tikili və qurğuların (bundan 24-ü dövlət mülkiyyətində, 491-i bələdiyyə mülkiyyətində, 589-u xüsusi mülkiyyətində) olduğu aşkar olunub.

 Torpaq fondunun dəqiq uçotu işinin nəticəsində rayonda kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyi artırılır, ehtiyatlardan tam, dolğun və düzgün istifadə olunur, o cümlədən  kiçikölçülü pay torpaqlarının təmərküzləşməsini təmin edə bilən hüquqi, iqtisadi mexanizmlər hazırlanır. Kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşir.

Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.