“BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirilib

“BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirilib 30.01.2019 16:25

Dünya Bankının, beynəlxalq maliyyə-kredit institutlarının, diplomatik nümayəndəliklərin, müxtəlif regional və beynəlxalq təşkilatların nümayəndələri də tədbirdə iştirak edib. Tədbirdə, həmçinin, BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu Bürosunun nümayəndələri olan Beynəlxalq Mərzçəkənlər Federasiyasının prezidenti Krissi Potsioun,  Avropa Daşınmaz Əmlak İnformasiya Xidmətinin icraçı direktoru Rik Vauters və Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun katibi Emi Fiqueiredon iştirak ediblər.   

Tədbir açılış sessiyası ilə işinə başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbiri salamlama nitqi ilə açıq elan edib. Bildirilib ki, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatların nəticəsi olaraq qısa müddətdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində də ciddi dəyişikliklər baş verib. Qeyd olunub ki, ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini cəmləşdirir. Komitə sədri çıxışının davamında son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır. Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır. Bu baxımdan, bəhs olunan beynəlxalq tədbirin önəmi və tədbir çərçivəsində aparılacaq təcrübə mübadiləsinin mühüm əhəmiyyəti xüsusi vurğulanıb.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib. Millət vəkili tədbir iştirakçılarını salamladıqdan sonra respublikanın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olmasından, ölkəmizin sosial-iqtisadi inkişafından söz açıb. Bildirilib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələrinin, təşkil edilən beynəlxalq tədbirlərin daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.

Tədbirdə Dünya Bankının Vaşinqtonda yerləşən Baş Qərargahı ilə canlı telekörpü yaradılıb. Telekörpü vasitəsilə Dünya Bankının Beynəlxalq Daşınmaz Əmlak və Geoməkan Qurumunun strategiya rəhbəri cənab Horhey Munos tədbirə qoşulub. O, Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurları vurğulayıb. Bu uğurların nəticəsi kimi, “Doing Business 2015” hesabatında Azərbaycanın ilk onluqda yer alması münasibətilə təbrik edib və beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.

Açılış sessiyasında BMT AİK-in regional məsləhətçisi Mario Apostolov və BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri Elşad Xanəlibəyli nitq söyləyib. Daha sonra beynəlxalq tədbir I və II sessiyada davam edib.

Tədbir çərçivəsində BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu tərəfindən BMT AİK-in 56 üzv dövlətinin daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi Layihəsinin təqdimatı keçirilib. Bu Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri ehtiva edir. Bununla yanaşı, tədbirdə Daşınmaz Əmlak İdarəçiliyi üzrə Standartlara dair Könüllü Təlimatlar Toplusunun təqdimatı olub. Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə müzakirələr aparılıb və təkliflər irəli sürülüb. BMT AİK-ə üzv dövlətlərin nümayəndələri çıxışlarında daşınmaz əmlak idarəçiliyi sahəsində öz ölkələrinin təcrübəsini bölüşməklə tədbirin gedişində geniş təcrübə mübadiləsi də aparılıb.

Beynəlxalq tədbirdə Azərbaycan, Böyük Britaniya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Gürcüstan, Ukrayna, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyi ilə bağlı çıxış və təqdimatları olub. Daşınmaz əmlak idarəçiliyi sistemləri haqqında icmal, ABŞ-da daşınmaz əmlakın qeydiyyatı, Azərbaycanda, Yunanıstanda, Finlandiyada daşınmaz əmlak idarəçiliyi, kadastr sahəsində Avstriya yanaşması, Niderland Kadastr Təşkilatında institusional yenidənqurma mövzularında çıxışlar dinlənilib.

Tədbirin II sessiyası BMT AİK regionunda Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icrası vəziyyətinə həsr olunub. Sessiyada Proqramın mahiyyəti və əhəmiyyəti, icrasının nəticələri, həyata keçirilmə prosesi və metodologiyası iştirakçıların diqqətinə çatdırılıb. Proqramında icrasında Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan modeli, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində institusional və təşkilati çətinliklər mövzusunda çıxışlar olub. Daşınmaz əmlak idarəçiliyinin monitorinq sistemi, metodoloji yanaşmalar, innovasiyaların təşviqi, məlumatların əlaqələndirilməsi istiqamətində fikirlər səsləndirilib, qarşılıqlı müzakirələr aparılıb.

Yekun sessiyada BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri tədbirin nəticələri və gələcək gözləntilərini nəzərə çatdırıb.

Xatırladaq ki, Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu BMT AİK-in nəzdində fəaliyyət göstərən hökumətlərarası qurumdur. Artıq 2 ilə yaxındır ki, Azərbaycan qeyd olunan İşçi Qrupuna və onun Bürosuna sədrlik edir. İşçi Qrupunun ümumi məqsədi bütün Avropa, keçmiş Sovet İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları və Kanada, həmçinin Türkiyə və İsrail Dövlətini özündə birləşdirən BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyinin təşviqi və təkmilləşdirilməsidir. İşçi Qrupu daşınmaz əmlaka dair sahiblik və istifadə hüquqlarının təhlükəsizliyi, daşınmaz əmlakın kadastrı və qeydiyyatının təkmilləşdirilməsi, səmərəli daşınmaz əmlak bazarının yaradılmasını hədəf kimi müəyyən edib. İşçi Qrupu bu istiqamətdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin gücləndirilməsi və müasirləşdirilməsi metodlarını müəyyənləşdirir. Daşınmaz əmlak siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqinə töhfələr verir və dayanıqlı daşınmaz əmlak idarəçiliyi proqramları və layihələrini təşviq edir. İşçi Qrupunun fəaliyyəti region ölkələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanır.

Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin BMT AİK və Dünya Bankı ilə birgə təşkil etdiyi beynəlxalq tədbir uğurla yekunlaşıb.