Məlum olduğu kimi, bu il ölkə rəhbərliyi tərəfindən Qanlı Yanvar hadisəsinin şəhidlərinin yad edilməsi məqsədilə faciənin 25-ci ildönümünün respublika səviyyəsində geniş qeyd olunması ilə bağlı müvafiq göstərişlər verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərini daim diqqətdə saxlayır. Dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzaladığı müvafiq Fərman da bunun bariz nümunəsidir.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 25 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib. Bildirilib ki, 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.
20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.
Vurğulanıb ki, bütün varlığı ilə vətəninə və millətinə bağlı olan böyük vətənpərvər Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə birinci səs verdi. bütün ömrü boyu xalqın yanında olan Ulu Öndərimiz Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. İmperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirdi, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi.Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardımın göstərilməsi təmin edildi.
Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə “20 Yanvar” faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə “20 Yanvar” faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. Bildirilib ki, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. 20 Yanvar həm də xalqımızın fəxarət və şərəf günüdür, tariximizin şanlı səhifəsidir. Xalqımız həmin gün öz milli kimliyini sübut edərək bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara, məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir.
Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Sonda bir daha bildirilib ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.