Hərrac iştirakçıları növbəti dəfə bu imkanlardan 29 yanvar tarixində keçirilən hərracda istifadə etdi. Dövlət əmlakları üzrə geniş seçim fürsətləri və investor aktivliyi ilə budəfəki hərrac rəqabətli keçdi. Belə ki, 17 dövlət əmlakı üzrə 6-sı elektron olmaqla 42 sifariş verilmişdir. Özəlləşdirilən dövlət əmlaklarından 4-ü kiçik dövlət müəssisə və obyekti, 9-u qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Alıcıların qeyri-yaşayış sahələrinə sahib olmaq marağı ilə bu növ dövlət əmlaklarından 5-nin hərracı rəqabətli mühitdə reallaşdı. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçilər küçəsindəki dövlət obyektinin ümumi faydalı sahəsi 93.4 kv.m-dir. Bu dövlət əmlakı üzrə iştirakçıların mübarizəsi ilkin qiyməti 2 dəfəyə yaxın yüksəltdi. 12 min 500 manat başlanğıc qiymətin elan edilməsi ilə başlayan hərrac qalib iştirakçının 23 min manat təklifi ilə yekunlaşdı. Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən, ümumi faydalı sahəsi 14.7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 44 min manat olsa da, investor bu dövlət əmlakını 68 min 500 manata özəlləşdirdi.
Kiçik dövlət müəssisə və obyektləri üzrə hərracda iştirak edən vətəndaşlar paytaxt üzrə atelye və əmlak kompleksini özəlləşdirdi. Nəsimi rayonu, A.Məhərrəmov küçəsindəki 7 saylı atelyenin ümumi faydalı sahəsi 359.4 kv.m-dir. İnvetsor bu obyekti yenidən qurmaqla gəlirli sahəyə çevirə bilər. Qobustan şəhərindəki Taxıl qəbulu məntəqəsi özəlləşdirilən dövlət əmlakları arasında ən yüksək- 3763.3 kv.m ümumi faydalı sahəyə malikdir. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirilən obyekt müxtəlif iqtisadi sahələr üzrə investorun uğurlu fəaliyyətinə imkan yaradacaq.
Rəqabətli mühitdə özəlləşdirilən nəqliyyat vasitələrindən biri Hyundai markasına aiddir. İştirakçı buraxılış tarixi 2006-cı il, ilkin qiyməti 6 min manat olan avtomobili 9 min 500 manat təklif edərək özəlləşdirdi.
Komitənin təşkil etdiyi növbəti hərrac 12 fevral tarixində ilk dəfə Əmlak Xidmətləri Məkanında keçiriləcək. Bu hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraclarda iştirak etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.