Gəncədə “Açıq qapı” günü, Göygöldə “kütləvi çıxarış” kampaniyası keçirildi

Gəncədə “Açıq qapı” günü, Göygöldə “kütləvi çıxarış” kampaniyası keçirildi 30.01.2019 16:25

 Qeyd edək ki, “Açıq qapı” günü “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib.

“Açıq qapı” günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini yaxından izləyiblər və prosesdə iştirak edərək prosedurlarla əyani tanış olublar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani izah edilib.

Tədbirdə bildirilib ki, ölkə prezidentinin qeyd olunan Fərmanı daşınmaz əmlakın qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısını artırmaqla qeydiyyat prosesinin sürətlənməsinə, qeydiyyatın səmərəliliyinin artırılmasına yönəlib.

“Açıq qapı” günündə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara maraqlı olan bir sıra məsələlərə aydınlıq gətirilib. Qeyd olunub ki, bu günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı 2004-cü ildə qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən aparılırdı. Bu Qanunun 8-ci maddəsində isə qeydiyyat üçün müvafiq əsaslar müəyyən edilmişdi. Lakin həmin əsaslar sırasında Qanun qüvvəyə minənədək ayrı-ayrı vaxtlarda müxtəlif qurumlar tərəfindən daşınmaz əmlaka dair verilmiş bir sıra hüquqi sənədlər tam əksini tapmamışdı. Bu isə nəticədə daşınmaz əmlakın qeydiyyatı prosesində həm qeydiyyat idarələrinə, həm də vətəndaşlara müxtəlif çətinliklər yaradırdı.

Bu Fərmanın qüvvəyə minməsi ilə sosial-hüquqi amillər baxımından yaranan çətinliklərə son qoyuldu. Bununla da, daşınmaz əmlakın qeydiyyatını aparan idarələrdə qeydiyyat prosesi kifayət qədər yüngülləşdi. Qeydiyyat idarələrinin fəaliyyətinin səmərəliliyinə, çevikliyin və rahatlığın təmin olunmasına səbəb oldu. Eyni zamanda, vətəndaşların bununla bağlı əvvəllər qarşılaşdıqları çətinliklər də aradan qalxdı.

Tədbirdə bildirilib ki, Fərmana əsasən, vətəndaş öz əmlakına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə etmiş olduğu sənədlərini təqdim etməklə dövlət reyestrindən çıxarışını ala biləcək. Eyni zamanda, qanunvericilikdə edilmiş yenilik daşınmaz əmlakla bağlı alqı-satqı və digər proseslərə müsbət təsirini göstərəcək, nəticədə daşınmaz əmlak bazarı daha da inkişaf etməsinə səbəb olacaq.

Qeyd edək ki, bu Fərmanla təsdiq olunmuş daşınmaz əmlak qeydiyyatı üçün tələb olunan sənədlərin yeni siyahısında sovet dövründə səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər də əksini tapıb. Tədbirdə, Fərmanda göstərilmiş sənədlərə malik vətəndaşlardan həmin sənədlər qəbul olunub.

Eyni zamanda, “Açıq qapı günü”ndə komitənin elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, xüsusi mülkiyyətin qeydiyyatı ilə bağlı 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 158 minə yaxın müraciət daxil olub.

Həmin gün Göygöldə keçirilən “kütləvi çıxarış” kampaniyası çərçivəsində rayonun 350-yə yaxın sakininin əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.

Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz edilir.

Ötən ilin noyabrında start götürən kampaniya indiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki və Masallıda keçirilib. Yanvar ayında bu kampaniya artıq ikinci dəfədir ki, təşkil edilir. Kampaniya başlayandan bu günədək ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri çıxarışla əvəz edilib.

Qeyd edilməlidir ki, kampaniyanın digər üstünlüyü dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd vətəndaşların rahatlığını təmin etmək və vaxta qənaət etməkdir.

Həyata keçirilən sosial tədbirlərin nəticəsidir ki, son illərdə daşınmaz əmlakın qeydiyyatı sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunmaqdadır. Bu isə, eyni zamanda, daşınmaz əmlakla hüquqi əməliyyatların artmasına da səbəb olub. Qeydiyyat sisteminin təkmilləşdirilməsi, “kütləvi çıxarış” kampaniyası, mobil ofis xidmətləri, hüquqi maarifləndirmə tədbirləri nəticəsində regionlarda da daşınmaz əmlakın qeydiyyatına maraq kifayət dərəcədə yüksəlib. Əmlak bazarında regionların payı sürətlə artmaqdadır. Şəhər və rayonlarda artıq mülkiyyətçilərin böyük kütləsi qeydiyyatın vacibliyini və sosial-iqtisadi faydalarını nəzərə alırlar. Qeydiyyat prosesində operativlik, prosedurların sadələşməsi, müddətlərin azalması, elektron və onlayn xidmətlərin geniş tətbiqi də daşınmaz əmlakın qeydiyyatına və əmlakla bağlı əməliyyatlara böyük müsbət təsirini göstərir.

Beləliklə, bütün bu fəaliyyətlər 2014-cü ildə daşınmaz əmlakın qeydiyyatında rekord göstəricinin qeydə alınması ilə nəticələndi. Belə ki, ötən il 205 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb.