Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qusarda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qusarda vətəndaşları qəbul edib 30.01.2019 16:25

Vətəndaşların müraciətləri əsasən onlara ayrılmış torpaq sahələri, yaşadıqları fərdi həyət evləri və mənzilləri, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə xahişlərini bildiriblər. Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib.

Vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən müvafiq elan verilib və qeydiyyat üçün əlaqə vasitələri göstərilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili il ərzində davam etdiriləcəkdir.