Komitə sədri vətəndaşlara bildirib ki, artıq daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilir. Eyni zamanda, respublika üzrə mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri göstərilir, regionlarda “Kütləvi çıxarış” kampaniyası keçirilir. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.
Komitə sədri həmçinin torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi, təyinatına zidd olaraq tikintilərin aparılması ilə bağlı hüquqi məsələlərə toxunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və torpaq qanunvericiliyinə zidd istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndiriləcək.
Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və onların müraciətlərinə baxılıb.