Dövlət əmlakının özəlləşdirilməsi sahəsində Azərbaycan – Almaniya əməkdaşlığı uğurla davam edir

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində Azərbaycan – Almaniya əməkdaşlığı uğurla davam edir 30.01.2019 16:25

Digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələri üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz vəzifə və funksiyaları çərçivəsində Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi ilə mövcud əməkdaşlığı uğurla davam etdirir.

Bu məqsədlə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti 16 noyabr 2015-ci il tarixində Berlin şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Komitə sədri Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsinin rəhbəri cənab Bruno Kahl ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilmişdir. Görüş çərçivəsində həmçinin cari il ərzində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışılmış, dövlət əmlakının daha səmərəli üsullarla və şəffaf şəkildə özəlləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparılmış və ölkələrin müvafiq təcrübələri ilə bağlı tərəfləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.

Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini bildirmişlər.

Qeyd edilməlidir ki, 2013-cü ilin fevral ayında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmişdir.

Baş İdarə Almaniya Federativ Respublikasında sənaye müəssisələri və federal daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumudur. 

Görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Pərviz Şahbazov iştirak etmişdir.