Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.
Qeydiyyatda “bir pəncərə” prinsipinə toxunan komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, artıq həm torpaq, həm də daşınmaz əmlakın qeydiyyatı yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bir ünvana müraciət uzun prosedurları aradan qaldırıb. Artıq vətəndaşlar uzun sənədləşdirmə işi üçün vaxt sərf etmirlər, müxtəlif qurumlara müraciət etmirlər. Qeyd olunub ki, dövlət başçısının 30 oktyabr tarixində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı verdiyi son Fərman da qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artmasına səbəb olmaqdadır. Belə ki, Fərmanla daşınmaz əmlakın və torpaqların qeydiyyatı üçün əsas hesab olunan zəruri mülkiyyət sənədlərinin siyahısı genişləndirilib. Məlum Fərmanla qeydiyyat üçün tələb olunan sənədlərin siyahısına sovet dövründə yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinin ayrılması barədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər də aid edilib. Fərman qeydiyyat prosesinin daha geniş hüquqi dairəni əhatə etməsini təmin edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini bir daha artırıb.
Komitə sədri torpaqlardan təyinatı üzrə istifadə məsələlərinə də toxunub. Bildirilib ki, ölkə prezidenti tərəfindən imzalanmış sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin mülkiyyətində olan torpaqlara dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib. Komitə tərəfindən torpaqların təyinatı ilə bağlı qanunvericiliyə riayət olunması istiqamətində tədbirlər də gücləndirilib. Bakı və regionlarda monitorinqlər həyata keçirilir. Məqsəd respublikada dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən qeydiyyat xidmətlərindən razılıqlarını və təşəkkürlərini bildiriblər.