Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tətbiq edilən hüquqi məsləhət və maarifləndirmə tədbirləri vətəndaş məmnunluğunun artırılmasında yeni addım

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tətbiq edilən hüquqi məsləhət və maarifləndirmə tədbirləri  vətəndaş məmnunluğunun artırılmasında yeni addım 30.01.2019 16:25

Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alqı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edir, burada öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallarını bildirir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bütün bu sualları cavablandırır və həlli istiqamətində müvafiq məsləhətlərini verirlər və zəruri hüquqi yardımı göstərirlər. Həmçinin hüquqşünaslar müraciət edən şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən verilməsi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları barədə də məsləhətlər verirlər.

Eyni zamanda, xidmət mülkiyyət hüquqlarının qorunması ilə bağlı vətəndaşların qarşılaşdığı digər çətinliklərin də aradan qalxmasına zəmin yaradacaq. Bəzən vətəndaşlar qanunvericiliyə uyğun olmayan sənədlərlə çıxarış alınması üçün ərazi qeydiyyat idarələrinə müraciət edirlər. Həmçinin belə əmlaklar dövlət reyestrindən çıxarış olmadan alqı-satqı əməliyyatlarına cəlb olunur və vətəndaşlar məlumatsızlıqdan belə əmlakları alır, lakin sonradan sənəd çatışmazlıqları ucbatından çıxarış əldə edə bilmirlər. Belə əmlaklar çıxarış olmaması səbəbindən hər hansı hüquqi əməliyyata və digər hüquqi proseslərə cəlb oluna bilmir. Bəzən təyinatına zidd olan, mühafizə zonalarına aid edilən torpaqların alqı-satqı faktlarına da rast gəlinir. Lakin qanunvericiliklə qadağan olunduğu üçün vətəndaşlar sonradan belə torpaqlara dair çıxarış ala bilmirlər. Belə halların baş verməməsi üçün vətəndaşların əvvəlcədən məlumatlandırılması məqsədilə də bu xidmət çərçivəsində müvafiq məsləhətlər verilir, məlum hüquqi məsələlər izah edilir və hüquqi yardım göstərilir.

Bu yenilik əmlak qanunvericiliyi ilə bağlı ictimai maariflənmənin genişlənməsinə səbəb olmaqla yanaşı, əmlakın qeydiyyatını da sürətləndirəcək. Bununla bərabər mülkiyyət mənafelərinin qorunmasında ictimai məmnunluğun artmasına, daşınmaz əmlak bazarında aktivliyə səbəb olacaq.