Amerika Ticarət Palatasında “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda tədbir keçirilmişdir

Amerika Ticarət Palatasında “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda tədbir keçirilmişdir 30.01.2019 16:25

Təqdimatda Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin tarixi, özəlləşdirmə sahəsində qəbul edilmiş qanunverici aktların digər ölkələrdəki proqramlardan fərqli cəhətləri, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin özəlləşdirmə prosesinin başlanması və dönməzliyinin təmin olunmasında rolu, bu sahədə əldə edilmiş nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər geniş yer almışdır.

Eyni zamanda, komitə sədri son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən özəlləşdirmənin yeni, strateji mərhələsinin başlaması ilə bağlı qəbul etdiyi qərarlar, özəlləşdirməyə açılmış yeni müəssisə və sahələr, prosesə xarici investorların cəlb edilməsi və qeyr-neft sektorunun inkişafının bu yolla dəstəklənməsi, eləcə də məsləhətçi şirkətlərlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat vermişdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılmışdır. Yerli və xarici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınmışdır.