Qeyd olunub ki, geniş ictimaiyyətin, yerli və xarici investorların hərraclara cəlb edilməsi məqsədilə Özəlləşdirmə Portalı da yaradılıb və istifadəyə verilib. Bildirilib ki, dövlət başçısının müvafiq Fərmanı və Nazirlər Kabinetinin Sərəncamı ilə 352 yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub. Nəzərə çatdırılıb ki, özəlləşməyə çıxarılan müəssisələr və kiçik dövlət obyektləri sahibkarlıq fəaliyyəti üçün və ya digər formada gəlir mənbəyinə çevrilməsi baxımından çox əhəmiyyətlidir.
Qəbulda vətəndaşların onlara məxsus mülkiyyətin sənədləşdirilməsi ilə bağlı müraciətlərinə də baxılıb. Vətəndaşlar fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər sırasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtilə yol verilmiş faktiki və sənəd uyğunsuzluqları ilə bağlı müraciətlər də olub. Komitə sədri qanunvericiliyə edilən son dəyişikliyə əsasən təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsindəki fərdi evlərin qeydiyyatının sadələşdirildiyini bildirib. Qeyd olunub ki, belə evlərin dövlət reyestrində qeydiyyatı üçün yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim olunması kifayətdir.
Bir neçə vətəndaş torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə müraciət edib. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq cəzaların və cərimələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, qanunsuz istifadə hallarının aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən belə torpaqlarda monitorinqlər həyata keçirilir.
Komitə sədri daşınmaz əmlakın qeydiyyatında xidmətləri daha rahat və əlçatan etmək məqsədilə keçirilən “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərini xüsusi vurğulayıb. Bildirilib ki, belə xidmətlər sayəsində ünvanlarda, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşların əmlakları sənədləşdirilir. Bu isə öz növbəsində komitənin qeydiyyat xidmətlərindən vətəndaş məmnunluğunun artmasına səbəb olmaqdadır. Paralel olaraq, vətəndaşlara təmənnasız hüquqi məsləhət xidmətinin də göstərilməsi bu məmnunluq səviyyəsini daha da yüksəldir.
Komitə sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həll olunub. Vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.