Hərrac günü prosesi əyani görmək istəyən vətəndaşlar və media nümayəndələri hərrac məkanına gəlib və gedişatı izləyiblər. Monitorlar vasitəsilə hərraca çıxarılmış hər bir əmlak barədə qısa məlumat verilib. Həmçinin canlı bağlantı sayəsində regionlar üzrə davam edən hərraclar da izlənilib.
Bir istifadəsiz qeyri-yaşayış sahəsi və bir nəqliyyat vasitəsi üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 3-ü paytaxtda, 1-i Gəncədə, 2-si Tovuzda, qeyri-yaşayış sahələrinin 1-i Bakıda, 2-si isə Göyçayda yerləşir. Hərracda təklif olunan ən yüksək qiymət Gəncə şəhərindəki “Sünbül” kafesi və Tovuz rayonundakı Tara bazasının anbar binası üzrə qeydə alınıb. Belə ki, bu əmlaklar müvafiq olaraq 100 min və 68 min manata satılıb. Paytaxın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Elnur” kafesinə 40 min manata, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi isə 25 min manata özəlləşdirilib. Qeyd edək ki, paytaxt və regionlarda belə kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi ölkədə kiçik və orta sahibkarlığın qurulmasına, biznes mühitinin canlanmasına əlverişli şərait yaradır.
Hərracda satılmış 2 iri müəssisə sənayə və aqrar sahələrə aiddir. Belə ki, “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.
Qeyd edək ki, hərrac nəticəsində dövlət büdcəsinə 0,5 milyon manata yaxın vəsait köçürüləcəkdir.
Komitə tərəfindən növbəti hərrac 06 dekabr tarixinə təyin olunub. Hərraca çıxarılan 100 əmlakdan 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. 06 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=906
Hərrac günü prosesi əyani müşahidə etmək istəyən istənilən vətəndaş həmin gün komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (H.Əliyev pr., 139A) gələ bilər.
Qeyd edilməlidir ki, hərracda iştirak edən, lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatla 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində ətraflı məlumat almaq olar.