Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli rayonunda vətəndaşların müraciətinə baxıb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli rayonunda vətəndaşların müraciətinə baxıb 30.01.2019 16:25

Komitə sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən fərdi evlərin sənədləşməsinin kifayət qədər sadələşdiyini vətəndaşların diqqətinə çatdırıb. Bildirib ki, qanunvericiliyə edilən bu dəyişikliyə görə 2013-cü il yanvarın 1-dək tikilmiş fərdi evlərin qeydiyyatı üçün yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olması yetərlidir. Əsas şərt odur ki, torpağın təyinatı yalnız yaşayış evinin tikintisi üçün nəzərdə tutulmalı, kənd təsərrüfatı və ya başqa təyinatlı olmamalıdır.

Komitə sədri vətəndaşlara komitənin rahat və əlçatan xidməti olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərindən istifadə etmək imkanlarını da xatırladıb. Bildirib ki, belə xidmətlər sayəsində vətəndaşın xidmətə müraciətinə ehtiyac qalmır, komitə özü qeydiyyat xidmətlərini ünvanlarda, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşlara çatdırır. Xidmətlərdə tətbiq olunan “bir pəncərə” prinsipi isə vətəndaşlara öz əmlaklarını bir neçə quruma getməklə yox, yalnız bir ünvana – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə sənədləşdirməsini təmin edib. Bu addımlar öz növbəsində komitənin qeydiyyat xidmətlərindən vətəndaş məmnunluğunun artmasına səbəb olmaqdadır.

Qəbulda dövlət əmlakını icarə əsasında istifadə edən, yaxud icarəsində olmayan lakin dövlət əmlakını özəlləşdirmək istəyən vətəndaşlar da komitə sədrinə müraciət ediblər.  Onlar dövlət mülkiyyətində olan kiçik və ya orta ölçülü müəssisə və obyektlərin özəlləşdirilməsi  barədə müraciətlərini səsləndiriblər. Bir neçə müraciətçi hərraclarda iştirak, dövlət əmlakına sifariş verilməsi, kiçik dövlət obyektləri və istifadəsiz qeyri-yaşayış sahələrinə hərraclarda sahib olmaqla bağlı müraciətini nəzərə çatdırıb. Komitə sədri bildirib ki, dövlət başçısının dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi barədə müvafiq Fərmanına əsasən məqsədilə hər həftə şəffaf və açıq hərraclar keçirilir. Belə hərraclara bütün respublika üzrə müxtəlif çeşidli dövlət əmlakları çıxarılır. Vətəndaşlar komitənin internet resursları və kütləvi informasiya vasitələrinin köməyi ilə belə hərraclar barədə hər həftə məlumatlandırılır. Hərraca çıxarılan əmlakın foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) ətraflı əks olunur. 

Qəbulda vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Həmin gün birbaşa müraciət edən vətəndaşların da müraciətlərinə baxılıb. Komitə sədrinin regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.