Əmlak Məsələləri Dövlət Komitəsindən daha bir yenilik: çıxarış və arxivlər elektronlaşdırılır

Əmlak Məsələləri Dövlət Komitəsindən daha bir yenilik: çıxarış və arxivlər elektronlaşdırılır 30.01.2019 16:25

Bu istiqamətdə növbəti innovativ addım daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsidir. Belə ki, gələcəkdə reallaşaçaq bu yeniliyə əsasən əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaqdır. Vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə biləcəkdir. Belə ki, əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əldə edə biləcəkdir. Qeyd edilmişdir ki, elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Həmçinin, digər dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

Artıq elektron çıxarışın tez bir zamanda tətbiqi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklərin edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə proqramlaşdırma və texniki işlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edilmişdir ki, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir. Bununla əlaqədar olaraq Komitə tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1.5 milyondan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib. Milli Qeydiyyat Sisteminin vahid məlumat bazasının yaradılması və onun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xidmətin korporativ şəbəkəsi ən müasir avadanlıqlarla təchiz olunmaqla yenidən qurulub. Korporativ şəbəkənin yenidən qurulması və vahid mərkəzdən idarə olunması nəticəsində komitənin daşınmaz əmlakın qeydiyyatını həyata keçirən 18 regional ofisinin məlumat bazası vahid məlumat bazasında birləşdirilib.

Bu layihənin reallaşdırılmasında başlıca məqsəd komitə tərəfindən əhaliyə göstərilən qeydiyyat xidmətlərində əlçatanlıq prinsiplərinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, insan amilinin daha da gücləndirilməsi, əmlak sahiblərinə daha müasir və qənaətli xidmətlərin göstərilməsidir.  

Bildirilmişdir ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində digər nailiyyətlər kimi, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, bütün fəaliyyət istiqamətlərində elektron xidmətlərin və “bir pəncərə” sisteminin tədbiqi, sosial yönümlü tədbirlərdən olan “kütləvi çıxarış” kampaniyalarının keçirilməsi, əhaliyə bu sahədə hüquqi yardımların göstərilməsi və “əmlakın qeydiyyatı kalkulyatorunun” istifadəyə verilməsini qeyd etmək olar.

Daha sonra “Çıxarış və Arxivlərin Elektronlaşdırılması” layihəsinin istifadəyə verilməsi ilə bağlı görüləcək işlərə dair təqdimat olmuşdur. Bildirilmişdir ki, hazırda daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Bu mərhələlərdən artıq əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu və icra prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edəcəkdir.

Tətbiq ediləcək layihəyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə Elektron Hökümət portalı vasitəsi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcəkdir. Vətəndaş, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı aparacaqdır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcəkdir.

Beləliklə, vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə gəlmədən reyestrdən çıxarışı əldə edəcəkdir. Bu da məmur vətəndaş ünsiyyətini sıfır səviyyəsinə endirəcəyi kimi vətəndaşın vaxt itkisini və dövlət idarəsinə getməsini ortadan qaldıracaqdır.

Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaqdır.

Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna ediləcəkdir.

“Çıxarış və Arxivlərin Elektronlaşdırılması” layihəsinin icrası nəticəsində bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradacaqdır. Bu isə öz növbəsində daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur.