Əmlak Məsələləri Dövlət Komitəsi 4 iyul tarixində keçiriləcək hərraca 180 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi 4 iyul tarixində keçiriləcək hərraca 180 dövlət əmlakını özəlləşdirilməyə çıxarıb 30.01.2019 16:25

Torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3 min 881 kv.m təşkil eden Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhvəsini verir. Eyni zamanda gücləndirilmiş istehsal nəticəsində müəssisələr, tələbatı ödəməklə yanaşı xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 40 saylı yeməkxananı nümunə kimi göstərmək olar. Gəncədə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Nəzərə alsaq ki, hər il Gəncəyə gələn turistlərin sayı artır, belə olan halda bu əmlakın fəaliyyətinin genişləndirilməsinə, təkmilləşdirilməsinə şərait yaradacaq.

Qeyd edilməlidir ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə  yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına təkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə  müsbət təsirini göstərmiş olur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.