Növbəti hərracda 23 dövlət əmlakı özəlləşdirilib: Bu hərrac da rəqabətli olub

Növbəti hərracda 23 dövlət əmlakı özəlləşdirilib: Bu hərrac da rəqabətli olub 30.01.2019 16:25

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın torpaq sahəsi isə 1000 kv.m-dən çoxdur.

Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 6-sı isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə  müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt, Lənkəran şəhərlərində, Şirvan, Samux, Quba,  Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 200 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10  kv.m olan qeyri-yaşayış sahəsidir.

Hərracda bir yarımtikili də özəlləşdirilib. Bu sahəsi 500 kv.m olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb.  

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 26 sentyabrda keçiriləcəkdir.