Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Ölkənin bir sıra regionlarını əhatə edən müxtəlif kateqoriyalara aid dövlət əmlaklarının bir sıra iqtisadi sahələrdə fəaliyyət potensialı var. Belə ki, özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrindən 4-ü paytaxtda, digərləri isə Quba, Cəlilabad, Yevlax, Siyəzən kimi şəhər və rayonlarda yerləşir. 13-ü ticarət, digərləri ictimai xidmət obyektləri olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20.1 kv.m ilə 1664.4 kv.m arasındadır. Budəfəki hərracda ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindədir. Obyektin özəlləşdirilməsi investora müxtəlif xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanı verə bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 9-u paytaxtda, 3-ü isə Daşkəsən, Şirvan və Gəncədə yerləşir. Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini bu növ dövlət əmlakları üzrə edə bilər. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m arasındadır. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki obyekt ticarət və digər xidmət sahələri üzrə istifadə üçün əlverişlidir. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.8 kv.m-dir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdirməyə çıxarılan dövlət əmlakları Bərdə, Salyan, Oğuzla yanaşı, digər şəhər və rayonlarda yerləşir.
Buraxılış tarixi 1998-2011 olan nəqliyyat vasitələri Nissan, BMW, Hyundai və digər markalara aiddir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min və 10 min manat arasındadır. Elektron prosedurlardan istifadə edərək hərraca qoşulmaq istəyənlər komitənin rəsmi informasiya resurslarına müraciət edə bilər. Hər kəs sayt (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edib, onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi keçirilən hərraclara qoşulmağa və dövlət əmlaklarının özəlləşdirilməsində fəal iştiraka dəvət edir.