Sabunçu rayonunda “Pilot Layihə” çərşivəsində inşa edilmiş növbəti bina sakinlərinə mənzillərin açarı və çıxarışlar təqdim edilib

Sabunçu rayonunda “Pilot Layihə” çərşivəsində inşa edilmiş növbəti bina sakinlərinə mənzillərin açarı və çıxarışlar təqdim edilib 30.01.2019 16:25

Bu pilot layihənin davamı olaraq sentyabrın 28-də Bakıxanov qəsəbəsində dövlət tərəfindən inşa edilən növbəti binanın açılışı olub. Yaşayış binası 10 mərtəbəli, 2 girişli, 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65% çoxdur. Tədbir çərçivəsində 40-dək ailəyə mənzillərinin açarları təhvil verilmişdir.

Vətəndaş məmnuniyyəti və rahatlığına xüsusi diqqət edən və daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi də öz fəaliyyət sahəsində mütəmadi olaraq sosialyönümlü tədbirlər keçirir. Komitə də həyata keçirilən bu pilot layihəyə öz dəstəyini verib. Həmin gün Komitə bina sakinlərinə mənzillərinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar təqdim edib. “Kütləvi çıxarış” kampaniya çərçivəsində 40-a yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verilib. Xidmətin bilavasitə vətəndaşın ünvanındaca göstərilməsi onların vaxt itkisinin qarşısını almaqla işini sadələşdirir. Belə kampaniyaya paytaxt və digər şəhərlərdə yerləşən hündürmərtəbəli binalardakı mənzillərlə yanaşı regionlarda fərdi yaşayış evləri və torpaq sahələri də geniş şəkildə cəlb olunur.

Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasıdır.

Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan sakinlərə birbaşa yerlərdə hüquqi xidmət göstərilir. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilir.

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.

“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində Komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir

Qeyd edilməlidir ki, Komitənin göstərdiyi xidmətlərdə “bir pəncərə” prinsipini tətbiq etməklə də rahatlıq və operativlik təmin edilir. “Bir pəncərə” prinsipi sayəsində bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. 

Cari il ərzində 17 Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 4-ü paytaxtda, 13-ü isə regionlarda baş tutub.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyaları davam etdiriləcək.