Bayram ərəfəsində cəbhə bölgəsində geniş “Kütləvi çıxarış” kampaniyası keçirildi: Ağdamın 12 kəndinin əhalisinə çıxarışlar verildi

Bayram ərəfəsində cəbhə bölgəsində geniş “Kütləvi çıxarış” kampaniyası keçirildi: Ağdamın 12 kəndinin əhalisinə çıxarışlar verildi 19.03.2019 10:14

Komitə cəbhə bölgələrində yaşayan əhaliyə mütəmadi olaraq ünvanlardaca daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər  göstərir. Sosial əhəmiyyətli “Kütləvi çıxarış” kampaniyası bu dəfə Novruz bayramı ərəfəsində, martın 19-da Ağdam rayonunda keçirildi. Cəbhə bölgəsini əhatə edən budəfəki “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə keçirilməklə Ağdamın 12 kəndini əhatə etdi. Belə ki, rayonun Xındırıstan, Dadaşlı, Baharlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşlı, Əhmədağalı, o cümlədən Böyükbəyli, Sarıcalı, Kəlbəhüseynli, Çəmənli, Sarıçoban kəndlərindən olan 200-ə yaxın sakinə ünvanlarındaca çıxarışlar təqdim edildi. Verilən çıxarışlar isə  əsasən, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Xidmətdən istifadə edənlər arasında Qarabağ müharibəsinin  iştirakçıları,  şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Kampaniya zamanı şəhid ailələrinə çıxarışlar evlərində təqdim olundu.

Ənənəvi hal alan “Kütləvi çıxarış” kampaniyası cəbhə ərazilərində yaşayan sakinlərin əmlaklarının qeydiyyata alınma prosesini birbaşa yerlərdə aparmaqla əlçatanlığı artırır. Elə həmin gün çıxarış verilməsi məqsədilə 80-ə yaxın  sakindən əmlaklarına dair ilkin sənədlər toplandı. Ağdam rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı, bu sahədə digər hüquqi xidmətlər də göstərilib. Belə ki, çıxarışların təqdim olunma qaydası, bu xidmətin göstərilməsi üçün lazım olan sənədlər, həmin sənədlərin başqa qurumlardan alınması kimi prosedurlar izah olunub. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən  məlumatlandırılıb. Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər. Kampaniyadan istifadə edən bütün vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razılıqlarını bildirdilər. Bu kampaniyanın Novruz bayramı ərəfəsində keçirilməsi isə əhalinin bayram sevincini daha da artırdı.

Çıxarışlarını alan cəbhə bölgəsinin sakinləri əmlaklarını tam istifadə etmək hüququna malik olur. Bununla əmlak daha rahat şəkildə iqtisadi əməliyyatlara cəlb edilir. Həmçinin belə tədbirlər cəbhə bölgəsi əhalisinin əmlakla bağlı ictimai-siyasi sahədə fəaliyyətə qoşulmağına dəstək olur. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə mobil xidmətlər cəbhə bölgələri və digər regionlarda da davam edərək vətəndaş rahatlığı və məmnunluğunu artıracaq.