Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritələrinin hesabatlarında da Komitənin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin etmişdir. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra etmişdir. Komitə 9 istiqamət üzrə birinci icraçıdır. Bu sənədin icrasının təmin edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tədbirlər planı hazırlanmış və həmin istiqamətlər icra edilməkdədir.
Qeyd edilib ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032 yaxın monitorinq aktı təhlil edilmişdir. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılmış, hazırda sahəvi təhlillər aparılmaqdadır.
Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilmişdir. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilmişdir. Forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanmışdır.
Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-sentyabr ayları ərzində istifadə edənlərin sayı 600 minə yaxın olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 960 mini keçmişdir.
2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilmişdir.
Müşavirədə bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə vermişdir. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.
Qeyd olunub ki, Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilmişdir. Elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. Bu ilin yanvar-sentyabr ayları ərzində 600 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.
Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir. Cari ilin fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı 180 minə yaxın olmuşdur.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 744 hal üzrə inzibati protokollar tərtib olunmuşdur. Ümumilikdə indiyədək, 1900-a yaxın inzibati protokol tərtib edilmişdir.
Müşavirədə bildirilib ki, kənd təsərrüfatı məqsədi ilə 165 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.
Bildirilib ki, Daşınmaz əmlakın qeydiyyatı sahəsində 2 yeni elektron xidmət istifadəyə verilib. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”dir. Növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olmuşdur.
İlk 9 ay ərzində keçirilmiş 17 “Kütləvi çıxarış” kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunmuşdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
Qeyd edilib ki, hesabat dövrü ərzində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır.
Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılmışdır.
Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 36 elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-sentyabr ayları ərzində 130 mindən çox müraciət daxil olmuş və cavablandırılmışdır.
Cari ilin ilk 9 ayı ərzində regionlarda 9 vətəndaş qəbulu keçirilmiş, 84 vətəndaş qəbul edilərək müraciətlərinə baxılmışdır.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirmişdir. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını vermişdir. Eyni zamanda Komitənin fəaliyyətinə uyğun olaraq torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi kimi tədbirlərin icra edilməsini bildirmişdir. Bundan başqa torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsinin sürətlənməsi istiqamətində zəruri işlərin görülməsi barədə tapşırıqlarını vermişdir. Qeyd edilib ki, Komitə fəaliyyəti üzrə ictimai xidmətlərdə əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verir. Bu fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq həyata keçirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.