Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatına alınması və bu qeydiyyatın ləğvi ilə bağlı xidmətlər həyata keçirilir. Hüquqi və fiziki şəxslər bu istiqamətdə xidmətlərdən Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional ofislərində və elektron formada istifadə edə bilər. İpotekanın dövlət qeydiyyatına alınması və ləğvi xidmətlərinə müraciətlərin qəbul edilməsi, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçisinin məlumatlandırılması aiddir.
İpotekanın dövlət qeydiyyatına alınmasını elektron xidmət vasitəsilə daha rahat formada həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında 15-ci bölməyə daxil ola bilər. Elektron formada və ya ünvanlarda xidmətdən istifadə etmək üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın ipotekası haqqında müqavilə, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. İpotekanın dövlət qeydiyyatına alınması xidməti 3 iş günü ərzində həyata keçirilir, 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq ipotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə "Elektron hökümət" portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.
İpotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bu xidmətdən istifadə elektron formada da mümkündür. İstifadəçi Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında 16-cı bölməyə daxil ola bilər. Xidmət göstərilməsi üçün tələb olunan sənədlərə məhkəmə qərarı, ərizə, xidmət haqqı və dövlət rüsumunun ödənilməsi barədə sənəd və digərləri aiddir. İpotekanın dövlət qeydiyyatının ləğvi xidməti 3 iş günü ərzində həyata keçirilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Nəticədə ərizəçiyə daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvinə dair arayış təqdim edilir.