Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edib 30.01.2019 16:25

Qəbula gələn vətəndaşlar əsasən hərraclar yolu ilə dövlət əmlakının özəlləşdirilməsi, elektron şəkildə hərraclarda iştirak qaydaları, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciətlərini ünvanlayıblar. Müraciətlərin bir qismi komitə tərəfindən yeni istifadəyə verilən qabaqcadan qeydiyyat mexanizmi və elektron çıxarış ilə bağlı olub. Müraciətlər sırasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtilə yol verilmiş faktiki və sənəd uyğunsuzluqları ilə bağlı müraciətlər də olub.

Komitə sədri hərrac prosedurları və üstünlükləri barədə qeyd edərək bildirib ki, vətəndaşlarımız keçirilən açıq və şəffaf hərraclar yolu ilə rahat şəkildə əmlaka yiyələnə bilir. Qeyd olunub ki, bu hərraclara vətəndaşlar olduqları yerdən ayrılmadan, onlayn qaydada qatıla bilərlər. Həmçinin hərrac keçirilən gün hərracın gedişatını canlı izləmək mümkündür. Bundan ötrü komitənin elektron resursu olan emdk.gov.az portalına keçid etmək kifayətdir. Hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da qısa zamanda əldə edə bilir.

Qəbulda iştirak edən vətəndaşlara qabaqcadan qeydiyyat mexanizminin mahiyyət və faydaları barədə məlumat verilib. Bildirilib ki, vətəndaşlar artıq tikilməkdə olan evləri də müvafiq sənədlər əsasında qabaqcadan qeydiyyata aldıra bilərlər. Qabaqcan qeydiyyat mexanizmi bir mənzilin bir neçə şəxsə satılmasının, həmçinin alınan evin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Digər elektron xidmət olan elektron çıxarış barədə ünvanlanan müraciətlərə isə cavab olaraq bildirilib ki, bu xidmət sayəsində vətəndaş öz arzusuna görə çıxarışı elektron və ya kağız formada əldə edə bilir.

Elektron kadastr ilə bağlı məsələlərə toxuna sədr Kərəm Həsənov qeyd edib ki, komitə tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılıb və rəqəmsal kadastr xəritəsi tərtib edilib. Eyni zamanda Sumqayıt şəhərinin bələdiyyə xəritəsi də hazırlanmışdır.

Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib. Komitə sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həll olunub.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.