Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Zərdabda vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Zərdabda vətəndaş qəbulu keçirib 26.07.2019 08:13

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Zərdab rayonunun sakinləri ilə görüşüb. Qəbul Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlər səsləndirilib. Eyni zamanda torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb.

Ünvanlanan bütün müraciətlər diqqətlə dinlənilib. Əksər məsələlər elə yerindəcə öz müsbət həllini tapıb. Digər müraciətlər nəzarətə götürülüb və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı komitənin sədr müavini tərəfindən müvafiq tapşırıqlar verilib. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah edilib və digər qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Qəbulun gedişatı zamanı kadastr uçotu işləri ilə bağlı müraciətlərinə cavab olaraq bildirilib ki, ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Bazada torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Həmçinin bu, torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqların aradan qaldırılmasına imkan yaradır. Beləliklə vətəndaşların torpaqlardan faktiki istifadə  vəziyyətlərinə uyğun olaraq parsellərin koordinatlarını müəyyən etmək imkanı yaranır, mülkiyyətçilər arasında yaranan mübahisələrin qarşısı alınır, o cümlədən torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinin dövlət mexanizmi təkmilləşir, dövlət nəzarəti daha effektiv həyata keçirilir.

Qeyd edilməlidir ki, vətəndaş müraciətlərinin operativ həlli ilə bağlı bölgələrdə qəbullar davam etdiriləcək.