Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, QAZ-3102 markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3800 manata özəlləşdirilib. Bundan başqa 2006-ci il istehsalı olan Nissan Maximanın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq 5050 manata sahibini tapıb.
Qeyd edilməlidir ki, budəfəki hərracda ümumilikdə 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kv.m-dən çox torpaq sahəsi isə 14 min 500 kv.m-ə yaxındır.
Bundan başqa Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 90 kv.m-ə yaxın, torpaq sahəsi isə 100 kv.m-dən çoxdur.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonunda, qalanları isə müvafiq olaraq Nizami, Xətai, rayonlarında yerləşir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kv.m olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, mühüm yenlik olan Elektron hərrac vasitəsilə özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Onlayn hərracın başlanması özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.
Bu model dövlət əmlakının şəffaf şəkildə və olduqca sərfəli qiymətə satılmasına şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin geniş kütlələrinin, xüsusilə də kiçik və orta investorların bu prosesə cəlb edilməsinə imkan verir.
Qeyd edilməlidir ki, iştirakçı Elektron Hərraca qoşulmaq üçün bir sıra sadə elektron prosedurlardan keçir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün müvafiq düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və sifariş verir. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra behi ödəyir. Beh ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Onlayn rejimdə iştirak etmək istəyən şəxs Komitənin rəsmi səhifəsində Elektron xidmətlər portalında, «Onlayn hərrac» bölməsinə daxil olaraq “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır.
Onlayn hərrac da adi hərrac kimi, iştirakçılar tərəfindən qiymətlər təklif edilməklə aparılır. İştirakçı müvafiq xanaya təklif edəcəyi məbləği qeyd edir. Hərrac rəqabətli keçdikdə, istifadəçilər məbləği addım-addım artırırlar. Hər addımda artırılan məbləğ özəlləşdirilməyə çıxarılan əmlakın qiymətinin 1%-dən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində etməlidir.
Bu zaman «İştirakçı nömrəsi» və «Cari qiymət» xanalarında hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət görünür. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.
Hərracın qalibi 30 bank günü müddətində əmlakın pulunu ödəməlidir. Bundan sonra əmlak alıcının adına rəsmiləşdirilir. Məbləğ ödənilmədikdə isə hərracın nəticəsi ləğv edilir, beh geri qaytarılmır, əmlak isə satıcının sərəncamında qalır.
Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracı canlı olaraq izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır.
Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.