Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub 18.02.2020 16:51

Fevralın 18-də Bakı Biznes Mərkəzində “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda qeyri-neft sektorunun davamlı və sürətli inkişafının dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən olduğunu vurğulayaraq, dağ-mədən sənayesinin inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə dəyər zəncirinin yaradılması perspektivlərini diqqətə çatdırıb. İqtisadiyyat naziri zərgərlik sənayesində islahatların aparılmasının və əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat-logistika infrastrukturuna malik Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Ölkəmizdə əlvan metallar, o cümlədən qızıl hasilatı sahəsində böyük potensialı diqqətə çatdıran İqtisadiyyat naziri beynəlxalq təcrübədən geniş istifadənin, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsinin zərgərlik sənayesinin inkişafında, “kölgə iqtisadiyyatı”nın daha da azalmasında əhəmiyyətli olacağını vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək, qiymətli metalların idxal-ixrac prosedurları və müvafiq gömrük qanunvericiliyi barədə məlumat verib. Zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılmasının, mövcud çətinliklərin müzakirəsinin önəmini vurğulayan DGK sədri ölkəmizdə zərgərlik ənənələrinin bərpası və milli sənətkarlığın inkişafı istiqamətində addımların  atılımasının əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın zəngin zərgərlik ənənələrinə malik olduğunu vurğulayan “AzerGold” QSC-nin sədri Zakir İbrahimov ölkəmizdə zərgərlik bazarının inkişaf etdirilməsi imkanları, həmçinin bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillər barədə fikirlərini bölüşüb. QSC sədri Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların ötən ilin fevral ayından pərakəndə satış bazarına çıxarıldığını bildirib, mövcud problemlərin həllinin bazarın şəffaflaşmasına, qeyri-neft sektorunda zərgərlik sahəsinin rolunun artmasına, ümumilikdə iqtisadi inkişafa töhfələr verəcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyəti, bu sahədə biznesin qarşılaşdığı məsələlərə toxunaraq, sahənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.

Tədbirdə Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi “Darphane və Damğa” Mətbəəsinin Baş direktorunun müavini Ahmet Güven Pado “Əyar evlərinə lisenziyaların verilməsi, standartların müəyyənləşdirilməsi, qiymətli metalların laboratoriya təhlilləri”, “Özbəkzərgərsanoati” Assosiasiyası sədrinin müavini Nodir Mirahmedov “Özbəkistanda zərgərlik sənayesinin inkişafı, əyar nəzarətinin əhəmiyyəti”, Amerika Gemoloji İnstitutunun akkreditə olunmuş zərgəri, “RƏSM Jewellery” brendinin təsisçisi Rəsminə Qürbətova “Azərbaycan zərgərlik məmulatlarının ixrac imkanları”, Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü, zərgər-dizayner Şahin Əlipənahov “Zərgərlik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi” mövzularında çıxış ediblər.

Tədbir çərçivəsində zərgərlik sənayesinin gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb, bu sahədə islahatların həyata keçirilməsi üçün təkliflər planının hazırlanması üzrə işçi qrupunun yaradılması qərara alınıb.