Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən özəlləşdirmə çekləri dövriyyəyə buraxılmışdır.
Ümumilikdə vətəndaşlara 8 milyon özəlləşdirmə payı və ya 32 milyon çek buraxılaraq əhaliyə paylanıb. Hər vətəndaş 1 pay (4 çek) alıb.
Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilmişdir.
Ümumilikdə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinmişdir ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.
Vətəndaşlara verilmiş dövlət özəlləşdirmə paylarının istifadə müddəti ölkə başçısının müvafiq fərmanları ilə beş dəfə uzadılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatmışdır və həmin çeklər tədavüldən çıxarılmışdır.
Lakin buna baxmayaraq bəzi şəxslər vətəndaşları aldadaraq özəlləşdirmə paylarının (çeklərinin) qanunsuz dövriyyəsini təşkil etməklə alqı-satqısını həyata keçirirlər və bununla cəmiyyətdə çaşqınlıq yaradırlar.
Əmlak Məsələləri Dövlət Komitəsi bir daha vətəndaşların nəzərinə çatdırır ki, dövlət özəlləşdirmə paylarının (çeklərinin) 2011-ci il 1 yanvar tarixindən etibarən dövlət əmlakının özəlləşdirilməsində tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatmış, hazırda onların istifadəsi və alqı-satqısı tamamilə qanunsuzdur.