Əmlak Xidmətləri Məkanında əvvəlcədən növbəlilik sisteminin tətbiqinə başlanılıb

Əmlak Xidmətləri Məkanında əvvəlcədən növbəlilik sisteminin tətbiqinə başlanılıb 06.05.2020 14:06
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin 4 may 2020-ci il tarixindən etibarən yumşaldılması qərarı ilə əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanına müraciət edən vətəndaşların sayında kəskin artım müşahidə olunur. Bununla əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanı tərəfindən təqdim edilən xidmətlər üzrə vətəndaş məmnunluğunun və əlçatanlığın artırılması, vaxt itkisinə yol verilməməsi, həmçinin xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə vətəndaşlara öncədən telefonla növbə qeydiyyatından keçmək imkanı yaradılmışdır.

   Belə ki, vətəndaşlar Əmlak Xidmətləri Məkanının (012) 404 07 22 telefon nömrəsinə zəng etməklə əvvəlcədən növbə qeydiyyatına alına bilərlər. Bununla da, hər bir şəxs müvafiq növbə tarixi və saatına uyğun olaraq Əmlak Xidmətləri Məkanına gəlməklə xidmətlərdən operativ şəkildə yararlana biləcəkdir.