Qeyd edilməlidir ki, qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün istifadəyə verilən “əks zəng” xidməti və sosial sorğu layihələri bu sahədə işləri təkmilləşdirib. Həmin layihələr vasitəsilə vətəndaşların qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür.
Ümumilikdə cari ilin ilk rübü ərzində çağrı mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsi ilə 6 min-ə yaxın müraciət daxil olub. Onların 3 min 500-dən çoxu 193 vahid çağrı mərkəzinin, 2 min 500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.
Statistikaya görə 2018-ci ilin yanvar-mart aylarında 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 3000-dən çoxu (89%) sorğu tiplidir.
Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 84%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.
Şəhər və rayonlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.
Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.
Məcmu sorğuların mövzuları üzrə strukturun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20 %-i özəlləşdirilmə ilə, 10%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.
Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub. Elektron hərrac sistemi kimi özəlləşmə sahəsində yeniliyin tətbiqi isə prosesə olan diqqəti daha da yüksəldib.
Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib.
Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur.
Ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları yüksəkdir. Belə ki, gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.
Bundan başqa Komitə hərraclara olan marağın daha da artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi üçün vətəndaşların maarifləndirilməsi üzrə tədbirlər görür. Bu sahədə də onların suallarının operativ cavablandırılması üçün Privatization.az portalının onlayn məsləhət pəncərəsi də fəaliyyət göstərir.
Komitə tərəfindən həyata keçirilən bütün bu innovativ layihələrin, xidmətlərin həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnuniyyətinin və rahatlığının təmin edilməsidir.