İqtisadiyyat Nazirliyinin daha bir qrup əməkdaşı döyüş medalları ilə təltif olunub

İqtisadiyyat Nazirliyinin daha bir qrup əməkdaşı döyüş medalları ilə təltif olunub 29.06.2021 09:10

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində 2020-ci ilin payızında həyata keçirilmiş əks-hücum əməliyyatları ilə ölkəmizin işğal altında olan əraziləri düşmən ordusundan təmizləndi, işğala son qoyuldu və Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. 44 günlük müharibədə qəhrəman əsgər və zabitlərimiz canları və qanları bahasına tarixi Zəfər qazandılar, yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdilər.

Dövlət başçısının sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin daha bir qrup hərbi qulluqçusu təltif olunublar. Onlar arasında İqtisadiyyat Nazirliyinin 49 əməkdaşı da var. Belə ki, İqtisadiyyat Nazirliyinin 3, nazirlik yanında Dövlət Vergi Xidmətinin 23, Əmlak Məsələləri Dövlət Xidmətinin 12, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 4, “Təmiz Şəhər” ASC-nin 6, “Azərlotereya” ASC-nin 1 əməkdaşı medallarla təltif olunub.

Qeyd edək ki, ümumilikdə İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 86-sı müxtəlif medallara təltif edilib.

İqtisadiyyat Nazirliyinin döyüşlərdə iştirak etmiş bir əməkdaşı isə şəhid Asəf Nəsibovdur. Qəhrəman həmkarımız Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Qəhrəmanlarımız qürur mənbəyimizdir!