Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 9 dekabr tarixində növbəti onlayn iclası keçirilib. İclasda işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi və 13 oktyabr 2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti müzakirə olunub.
Görülmüş işlər barədə əsas icraçı qurumlar olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin məsul şəxsləri tərəfindən təqdimatlar və çıxışlar edilib. Təqdimat və çıxışlardan sonra müvafiq bəndlər üzrə müzakirələr aparılıb, icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılıb.
İclasa işçi qrupunun üzvləri ilə yanaşı Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, eləcə də özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.
Qeyd edək ki, “Əmlakın qeydiyyatı” işçi qrupunun fəaliyyəti ilk növbədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı sahələrində islahatların həyata keçirilməsi, müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır.