İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 15-də keçirilən hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 102 sifariş qəbul olunub, bunun 18-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən biri onlayn qatılan sifarişçi olub.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 6.000 manat olan “Honda CR-V” markalı avtomobilə edilən ən son təklif 2,5 dəfədən çox artaraq 15.700 manat olub. Bundan başqa, ilkin satış qiyməti 6.500 manata olan “Hyundai Sonata” markalı maşın 13.331 manata özəlləşdirilib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KHnUeo )
Məlumat üçün bildiririk ki, mart ayında daha 3 özəlləşdirmə hərracı keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.