İrimiqyaslı torpaq və geobotaniki tədqiqat işləri davam edir

04.07.2022 16:09
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işləri davam etdirilir. Məqsəd torpaqların münbitliyinin öyrənilməsi, dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsidir. Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas prioritetlərdəndir.

2022-ci ilin aprel ayından indiyədək yay və qış otlaqlarında (örüş-otlaq sahələrində) Beyləqan rayonu üzrə  32 208 hektar, Bərdə rayonu üzrə  5 233 hektar, Şəmkir rayonu üzrə 19 056 hektar, Ucar rayonu üzrə 5 067 hektar, Samux rayonu üzrə  26 770 hektar  ərazidə çöl torpaq tədqiqatı işləri yerinə yetirilib. Bu il ərzində daha 4 rayonun ərazisindəki dövlət torpaqlarında çöl torpaq tədqiqatı işlərinin aparılması planlaşdırılır.

İşğaldan azad olmuş Zəngilan rayonunda 01.07.2022-ci il tarixinədək 37 623 hektar ərazidə torpaqların təyinatı üzrə uçot işləri, 37 104 hektar sahədə torpaq tədqiqatı, 27 460 hektar sahədə geobotaniki tədqiqat işləri aparılıb. Bununla yanaşı, 3 577 hektar ərazidən isə aqrokimyəvi analizlər aparmaq məqsədilə torpaq nümunələri götürülüb.