Hərraclarda operativliyin təmin olunması özəlləşdirilmə prosesini sürətləndirir. Bu həm də ölkədə iqtisadi fəallığı artırır, özəl sektorun inkişafına şərait yaradır. Hərrac vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir. Belə ki, müraciət və iştirak üçün əlavə vaxta və məkandan ayrılmağa ehtiyac qalmır. Dövlət əmlakının özəlləşməyə elektron müstəvidə çıxarılması müasir hərracın sərmayəçiyə yönəlmiş üstünlüklərindəndir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
24 yanvar tarixində keçiriləcək hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1.300 manat, ən yuxarı ilkin qiyməti isə 102.500 manatdır.
27 yanvar tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
31 yanvar tarixində keçiriləcək hərraca müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.