Növbəti rəqabətli hərrac baş tutdu

Növbəti rəqabətli hərrac baş tutdu 30.01.2019 16:25

Hərracda buraxılış tarixi 2007-ci il olan BMW, Qaz və Fiat markalı nəqliyyat vasitələri özəlləşdirildi.  Qeyd edək ki, bu dövlət əmlaklarından biri hərracda rəqabətli mühit yaratdı. Belə ki, Qaz-3102 markalı avtomobil uğrunda iki sifarişçi arasındakı mübarizə avtomobilin 1800 manat olan ilkin hərrac qiymətini 2 dəfəyə qədər artırdı. Hərrac qalibi 3 min 500 manat təklif edərək bu əmlakın sahibinə çevrildi.

Hərracda özəlləşdirilən dövlət əmlaklarından biri də Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən Beyləqan Yağ-Pendir Zavodudur.  Bu obyektin ümumi faydalı sahəsi 2 min 795 kv.m-dir. İnvestisiya yatıraraq müasir standartlara uyğun yenidən qurulması zavodu sərmayəçi üçün gəlirli sahəyə çevirə bilər. Bölgədə yeyinti sənayesi sahəsində mövcud tələbatı təmin edəcək bu əmlak hərracda 33 min 688 manata özəlləşdirildi.

Özəlləşən qeyri-yaşayış sahələri isə paytaxt rayonlarında yerləşir. Yasamal rayonu, Z.Xəlilov küçəsindəki obyektin ümumi faydalı sahəsi 58.7 kv.m, satış qiyməti isə 10 min manatdır. Bu obyekt sahibkara ictimai iaşə və məişət xidmətləri üzrə gəlir qazandıra biləcək. Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən digər bir qeyri-yaşayış sahəsinin faydalı sahəsi 24 kv.m, satış qiyməti isə 3 min manatdır. Adıçəkilən əmlak kiçik biznes fəaliyyəti üçün uğurlu seçimdir.

Qeyd edək ki, növbəti hərrac 4 sentyabr tarixində reallaşacaq. Ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.