Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılmışdır. Müasir yanaşma və standartların tətbiq edildiyi bazanın yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib, effektiv araşdırmalar aparılıb. Adı çəkilən bazada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır. Bu platforma komitənin elektron xidmətlər portalında yerləşdirilmiş və yekun forma Komitə tərəfindən hökumətə təqdim edilmişdir. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər.
Qeyd edilməlidir ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir. Hazırda 141 dövlət paylı müəssisədə korporativ idarəetmənin tətbiqi istiqamətində komitə tərəfindən daima metodiki köməkliklər göstərilir.
Eyni zamanda dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatlar elektron müstəvidə təqdim edilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur. 2018-ci il ərzində 5 minə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Qeyd edilməlidir ki, hesabatlarda göstərilən məlumatların araşdırılmasına ehtiyac olduqda komitə tərəfindən həmin müəssisələrdə monitorinqlər keçirilir. Cari il ərzində bu istiqamətdə 1000-dən çox monitorinq aktı təhlil edilmişdir.
Dövlət əmlakının idarə edilməsi sahəsində mühüm istiqamətlərdən biri də dividendlərin ödənilməsidir. Komitə özəlləşdirilməyə açıq olan səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinə görə büdcəyə dividendlərin ödənişinə nəzarəti həyata keçirir. Ötən il üzrə 20-dən çox səhmdar cəmiyyəti tərəfindən dividendlərin dövlət büdcəsinə ödənilməsi Komitə tərəfindən təmin edilmişdir. Eyni zamanda belə müəssisələr tərəfindən səhmdarlara dividendlərin ödənilməsi ilə bağlı məsələlər də diqqətdə saxlanılır. Bu istiqamətdə tələb və şərtlərə dair səhmdarların ümumi yığıncaqlarında müvafiq qərarların qəbul edilməsi istiqamətində komitə tərəfindən zəruri işlər aparılır.
Həmçinin dövlətin payının (səhmlərinin) idarəedilməsi sahəsində beynəlxalq təcrübənin və yeni üsulların tətbiqi imkanları öyrənilməklə yanaşı komitə tərəfindən həmin müəssisələrin fəaliyyəti üzrə təhlil işləri də mütəmadi olaraq həyata keçirilir.