İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat Nazirliyində görüş keçirilib 09.03.2023 17:09

Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.

Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib. Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır. Nazir Mikayıl Cabbarov ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verib.  

Andris Teikmanis Latviyanın Azərbaycanla əlaqələrə önəm verdiyini, münasibətlərin artan dinamikasında aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin və tərəfdaşlığın genişləndirilməsi, o cümlədən “yaşıl” enerji, yüksək texnologiyalar, əczaçılıq, qida təhlükəsizliyi, gəmiçilik və s. istiqamətlərdə əməkdaşlığa dair  fikir mübadiləsi aparıblar.

Əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb

Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsinə yönəlmiş uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi nəzərdə tutulub.