“Kadastr kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən “Kadastr kalkulyatoru” seçilir. Xidmətdə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” əməliyyatları yer alıb.
Daşınmaz əmlakın kadastr planlarını və yerquruluşu xəritələrini tərtib etmək istəyən şəxs xidmətə giriş etməklə tələb olunan məlumatları daxil etməlidir. Belə ki, torpağın uqodiyası, sahəsi, o cümlədən döngə nöqtələrinin sayı, torpaq sahəsinin hansı regionda yerləşməsi qeyd olunur. Bundan başqa torpağın hansı kateqoriyaya aid olduğu əks olunmalıdır. Belə ki, vətəndaş torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı, həyətyanı və bağ sahəsi, su obyektləri, meşələr bölməsini seçməlidir. Eyni zamanda xidmətdə tikilinin sahəsi, mülkiyyətçilərin və tərtib olunan plan və ya xəritənin sayı da göstərilməlidir. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər.
Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar “Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib” xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir. Qeyd edilməlidir ki, torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çox illik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən edilir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə göstərilən xidmətlərin elektronlaşması prosesini gələcəkdə də davam etdirəcək.