Adına daşınmaz əmlakın olub-olmamasını necə müəyyən etmək olar?

31.03.2023 13:04

Daşınmaz əmlakın mövcudluğu barədə arayışı heç bir yerə getmədən, elektron qaydada əldə etmək mümkündür. Elektron xidmətin istifadəsi isə sadə və rahatdır.  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidməti vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.

Bu xidmət adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın alınmasını vətəndaş üçün daha əlçatan edib. Belə ki, şəxs bu arayışı Xidmətin ərazi idarələrinə müraciət etmədən elektron qaydada da əldə edə bilir.

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə keçid edib şəxsə aid tələb olunan məlumatları (şəxsiyyət vəsiqəsinin seriya, nömrə və FİN kodu) daxil edərək xidmətə giriş edilir. Açılan pəncərədəki müvafiq bölmələri doldurduqdan sonra müraciət göndərilməlidir. Daha sonra təsdiqetmə bildirişi ekranda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

Arayış hazır olduqdan sonra elektron formada imzalanır və müraciət edən şəxsə xidmət haqqının ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az)  “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidmətə daxil olub, “Elektron arayışlarım” bölməsindən daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayış ilə tanış olmaq mümkündür.

Adıçəkilən elektron xidmətin istifadə qaydası ilə bağlı video təlimata bu linkə (https://bit.ly/3uKlHGU) daxil olaraq baxmaq olar.