Həmin gün binanın digər 20 sakinindən isə ilkin hüquq müəyyənedici sənədlər toplandı. Mobil ofislərə müraciət edənlərə hüquqi məsləhətlər verildi. Kampaniyanın keçirildiyi bina ilə yanaşı digər binaların sakinləri də göstərilən xidmətlərdən istifadə etdilər.
Bu kampaniya xidmətləri vətəndaşa daha yaxın edir, operativlik amilini artırır, əhali ilə xidmət arasında birbaşa əlaqə yaradır. Eyni zamanda digər ünvanlara müraciət etməyə ehtiyac qalmır, qeydiyyat xidmətlərində əlçatanlıq prinsipi təmin olunur.
Cari il ərzində 15-dən çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bu sosial tədbir fərqli məkanları əhatə edir. Belə ki, coğrafiyasından asılı olmayaraq respublikanın ayrı-ayrı şəhərlərində, ucqar kəndlərində, o cümlədən iş yerlərində də keçirilir.
Qeyd edilməlidir ki, Bakı şəhərində mənzil bazarında mövcud aktivlik daşınmaz əmlak sənədləşməsini zəruri edir. Çıxarışlı mənzillərin iqtisadi proseslərə geniş formada cəlb edilməsi əmlakların etibarlı və hüquqi zəmanətli olması ilə bağlıdır. Sadalanan amillər vətəndaşların mənzillərə dair çıxarış almaq marağını artırır. Layihə çərçivəsində çıxarışların verilməsi ilə hər kəsin mülkiyyət hüququ cəld və kütləvi şəkildə təmin olunur.
Daha geniş formada keçirilən komitənin “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” aksiyası da davam etməkdədir. Kampaniya daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri səyyar formada həyata keçirir. Bu aksiya hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə reallaşır. “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 24-28 sentyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Abşeron rayonu Görədil kəndi, İlqar Yusubov küçəsi, 3 (Görədil İcra Nümayəndəliyinin yanında) olacaq. Fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlər mobil ofislərə yaxınlaşa bilərlər. İndiyədək bu kampaniya Abşeron rayonunun 10 qəsəbəsində keçirilib. Başlandığı dövrdən 750-yə yaxın vətəndaşın müraciəti qeydə alınıb.